İlin Ən Yaxşı Fizika Kitabları: Top 3-lük




Günümüzdə yüksək texnologiyaların inkişafı özünü elm və təhsil sahəsində də göstərir. Elə bunun təsiridir ki, elektron təhsil portalları, öyrənmək üçün mənbələr, Youtube-da məşhur elmi kanalların saysız-hesabsızdır. Biz də Şamilov Akademiyası və bu bloqumuzla oxşar trendi ana dilimizə inteqrasiya edirik. Düzdür, atalarımız deyib ki: "Çox oxuyan deyil, çox gəzən çox bilər", lakin fizika aləmində elmi-bədii nəşrlərin rolu daha böyükdür. Odur ki, 2016-cı ilin ən yaxşı fizika kitablarını seçib sizinlə bölüşürük. Bu yazıda bizə görə ən yaxşı 3 kitab yer alır. 


1. The Big Picture: On the Origins of Life, Meaning, and The Universe Itself

Şon Kerroll, Kaltek Texnologiyalar İnistitutu Fizika Departamentinin tədqiqatçı professoru, son illərin məşhur kosmoloqu, şəxsi Preposterous Universe bloq sahibi, bu kitabında elmi və fəlsəfi suallarla oxuyucuya kainatın sirlərindən danışır. 

İlk üç bölmədə, özünün 4 illik idrak elmində təcrübələrinindən, aldığı nəticələrdən söz açır. Səbəb və təsir, kosmos, cisimlərin necə hərəkət etməsi, momentin saxlanması prinsipini və inanc sistemlərimizi necə qəbullandığımızı izah etdikdən sonra "Nə bildiyimizi necə bilirik?" sualına cavab axtarmağa başlayır. Cavab tapmaq üçün bir neçə filosoflardan söz açır. İdrak Elmi və Epistemelogiya və Fəlsəfəni birləşdirərək, Dekart və Bohemiya Şəhzadəsi Elizabetin, və Deniel Kaneman-ın təbiətin reallığı haqqında nə düşündüklərini dərk etməyə çalışır.  Əsas soruşulan suallar bunlardır: "Nə bildiyimi necə bilərəm?", "Nəyin var olduğunu necə bilərəm?", "İnanclarımın həqiqəti əks etdirməsini necə bilərəm?". 

Dördüncü bölmədə Kerroll, başına gələn həyatın mənşəyini araşdıran Mayk Rassl-la təyyarədə yanaşı oturması ilə bitən yumorik əhvalatdan danışır. Bu bölmədə Darvinin təkamül nəzəriyyəsindən, hüceyrə formalaşmasından, yaranış, mürəkkəblik, ATF (Adenozin Trifosfat) sintezindən bəhs edilir. Bədəninizin necə işlədiyini öyrənmək üçün gözəl şansdır. Termodinamika qanunları haqqında yazımızı oxumusunuzsa, daha da həzz alacaqsınız. (Sonsuz enerjinin alınma üsullarını yada salın) 

Beşinci bölmədə isə ancaq fəlsəfi debatlardan söz açılır. Bəlkədə çoxlarından agahsınız. Lakin, Şon Kerrollun xülasəsini oxusanız, vaxt itirməzsiniz. "Çin otağı", "Mariyanın otağı", "Yarasa olmaq necə hissdir?" və s. fəlsəfi baxışlar. Həqiqətən maraqlıdır.

Kitab müəllifin essesi ilə yekunlaşır. Əsas mövzu Yum problemidir və əgər bundan xəbərdarsınızsa, bu bölmə sizə daha da maraqlı gələcək. 

Şon Kerrollun digər kitablarını, bloq yazılarını və zaman haqqında fikirlərini oxumağınızı tövsiyə edirik.


2. The Pope of Physics: Enrico Fermi and the Birth of Atomic Age

Enriko Fermi sözsüz fizikada ən böyük iz qoymuş alimlərdəndir. Fermiyonlar, Fermi-Dirak statistikası, Fermi səthi, Fermi sahəsi, Fermi laboratoriyası və s. Kütləvi dağıdıcı gücə malik nüvə silahlarının kəşfi də, milyonlarla insanı sağaldan NMR cihazı da Fermiyə dayanır. İlk nüvə reaktoru lahiyəsinə Fermi başçılıq edib. Elə buna görə də, yoldaşları onu Papa adlandırırdı. Bütün papalar kimi, Enriko da italyandır. Özü 1938-ci ildə, daha sonralar isə 6-dan çox tələbəsi Nobel Mükafatına layiq görülüb. Bu kitabın müəlliflərindən biri - Gino Secre, həmin tələbələrdən Emillio Segre-nin qardaşı oğludur. (Emillio antiprotonun kəşfinə görə Nobel alıb) Məncə, artıq sözə ehtiyac yoxdur. Şübhəsiz Enriko Ferminin həyatını onu yaxından tanıyanın və tələbəsinin sözlərindən oxumaq daha maraqlı olardı. 

Kitabın ilk 3 bölməsi Ferminin qısa həyat tarixçəsidir. Növbəti bölmələrdə, atom əsri və bunda Ferminin rolu əsas tutulur. Beləki, Ferminin Los Alamosa köçü, ordakı lahiyələri, Manhattan lahiyəsi və kitabın geri qalanında nüvə reaktorlarının taleyi yer alır. Tarixi xoşlamayanlara sıxıcı gələ bilər bu kitab. Hətta, Manhattan proyekti üçün digər kitabları oxumaq daha ürək açandır. Lakin, bu kitabda mövzuya Ferminin həyatından baxılır.

3. Seven Brief Lessons on Physics


Biri sizə desə ki, əslində zaman anlayışı yoxdur? Cəfəngiyyat deyib keçərsiniz. Bəs bunu deyən fizik olsa? Hətta, qravitasiyanın kvant modelini axtaran biri? Hətta o şəxs ki, zaman haqqında demək olar ki, bilinən hər şeyi bilir. Siz ona inanardınız? 

Karlo Revelli "Fizikada 7 Qısa Dərs" kitabında ən klassik fizikadan ən müasir fizikaya kimi əsas mövzulara oxuculara təqdim edir. GPS məkan təyinetmə peyklərinin Yer ətrafında hərəkət etdiyi bir dövrdə Yerin hələ də müstəvi formasında olduğuna inanlar və bunu iddia edənlər var. Halbuki, Nikolay Kopernikus orta əsrlərdə Günəşin mərkəzdə, Yer və planetlərin onun ətrafında fırlandığını heliosentrik sistemi irəli sürüb. Bəlkə də, insanlar fizikanı anlamır. Məhz buna görə də, Karlo belə bir kitab yazmağı özünə borc bilib.

Kitab əslində 6 dərs və 1 fəlsəfi nəticədən, cəmi 78 səhifədən ibarətdir. Bu bölmələrin ardıcıllığı belədir: 

1. Ən gözəl nəzəriyyələr

Bu bölmədə Nyutonun klassik qravitasiya nəzəriyyəsinindən fərqli olaraq, Eynşteynin müasir nisbilik nəzəriyyəsində olduğu kimi, qravitasiya sahəsinin fəzada yayılan sahə kimi deyil, fəzaının özünün olması kimi qələmə verilir. 

2. Kvant 


Heyzenberqə görə elektron həmişə mövcud olmur. Nə vaxt ki, müşahidə edirik, onda əmin olarıq ki, elektron var. Daha dəqiq desək, nəsə ilə təsirdə olanda özləri üzə çıxarırlar. Kvant mexanikasında, cisimlərin  toqquşmadıqları müddətcə müəyyən mövqeyə sahib olmurlar.

3. Kosmosun arxitekturası


Bu bölmə, qədimdən bu yana fəzanın quruluşundakı kəşflərlə bağlıdır. Ay və Günəşin çıxması və batması, fəsillərin növbələşməsi hər üç cismin kürəvi olduğunu deyir. (Aristotel deyir) Sonralar, bu sistemin mərkəzində Yer yox, Günəş olması müəyyənləşir. (Kopernikus). Hal-hazırda isə qalaktikalar və daha geniş ölçüdə quruluşlara aid təsəvvürümüz var.

4.Zərrəciklər


Elə bir vakuum yoxdur ki, orda kvant dalğalanması baş verməsin. Hər yerdə zərrəciklər var. Bu bölmə zərrəcikləri və Standard Modeli izah edir. 

5. Fəzanın dənələri


Böyük ulduzlar vaxt gəlir partlayır və öz kütləsinin yığılması ilə qara dəliklərə çevrilir. Onlar da öz növbəsində sıxılır, sıxılır, və sonunda partlayır. Partlamazdan bir öncəki çatdıqları ölçü ən kiçik fəza quruluşudur.

6. Ehtimal, Zaman və Qara dəliyin istisi


İstilik alış-verişi baş verməyən sistemdə keçmişlə gələcəyin fərqi yoxdur. Sürtünmə olmasa riyazi rəqqas sonsuza kimi rəqs edər və zaman anlayışının fərqi olmaz. Sürtünmə olanda istilik ayrılır. Və biz dərhal keçmişi gələcəkdən ayırıq. (gələcək rəqqasın yavaşlaması istiqamətindədir)

7. Özümüz


Müəllif burda inanır ki, bizim nəslimiz tezliklə məhv olacaq, bütün yaxın əcdadlarımız kimi. İnsanlar zərər vurur. Ən son nəsil yeni şeyləri öyrənmək üçün can atır. Fəzanın quruluşunu, kosmosun mənşəyini, zamanın təbiətini, qara dəlik mövhumatını və öz şüurumuzu tamamilə dərk etməyə az qalıb. "Artıq, bilinməyən okeanın sahilində bildiklərimizin ucundayıq, sirrləri və dünyanın gözəlliyi parıldayır. Və bu nəfəs kəsicidir"!



Unutmayın, bu yalnız bizə görə top 3-lükdür. Daha onlarla gözəl kitablar elmi mövzuları oxuyucalara sadə və anlaşıqlı dildə çatdırır. Kitab oxumağı dayandırmayın.

Post a Comment

1 Comments