LHCb-dən YENİ 5 ZƏRRƏCİK




Ən son fiziki kəşflərin məkanı artıq LHCb təcrübəsi və CERN olmuşdur. Hiqqs bozonun kəşfindən bu yana daha bir neçə zərrəcik kəşf edən bu müəssisə dünən yeni zərrəcik toplusunu kəşf edib. Bu zərrəciklər çox nadir rastlanan zərrəcik parçalanma reaksiyasından alına bilər. Beş zərrəciyin eyni anda tapılması bu hadisəni daha da əlamətdar edir. Zərrəciklər onsuz da çoxdur, fermionlar, bozonlar, pionlar, kaonlar, elektron, proton, neytron və s. Hamsını yadda saxlamaq çətindir. Heç alimlər özləri belə əzbərə bilmir. Axı niyə də bilsinlər? Enriko Fermi demişkən:

Bütün zərrəciklərin adlarını yadda saxlaya bilsəydim, botanik olardım
Günümüzdə bütün zərrəciklərin adlarını, kvant ədədlərini, parçalanma kanallarını və s. xüsusiyyətlərini kataloq şəklində tapmaq mümkündür. Bunlardan ən sadəsi Android telefonları üçün yazdığımız Zərrəciklər tətbiq etməsidir (buradan yüklə).

Fundamental zərrəciklər əslində çox deyil. Standard modelə görə, 6 kvark, 6 lepton, W, Z, və Hiqqs bozonları, qlüonlar və foton, bir də sadaladıqlarımızın anti-zərrəciyi. Geriyə qalır ağır zərrəciklər, hansılar ki iki və ya daha artıq kvarkdan ibarət olur ( məsələn, proton - uud konfiqurasiyalı). Adətən, zərrəciklərə həyəcanlanma səviyyələrinə görə adlar verilir. Həyəcanlanmamış vəziyyət isə zərrəciyin saf halıdır demək olar.

 Ωc0 zərrəciyi ( Zərrəciklər )
LHCb-nin apardığı təcrübələrdə "omega-c-0" Ωc0 zərrəciyinin həyəcanlanmış hallarıdır. Bu zərrəciyin öz xassələrini yandakı şəkildən görə bilərsiniz. İki qəribə və bir ovsun kvarkdan ibarət bu baryon güclü qüvvə təsiri ilə digər baryon "ksi-c-müsbət" Ξc+ və kaona ayrılır. Ξcöz növbəsində proton, Kaon və piona çevrilir. 

Ayrılan zərrəciklərin tunel daxilində trayektoriyaları və detektorda olan enerji səviyyəsindən güclü kompüterlərin sayəsində parçalanma prosesi geriyə oxuna bilinir. Belə hesablama nəticəsinə məlum olub ki, Ωc0 və onun həyəcanlanmış halları da bu parçalanmada iştirak edib. Onlara hətta standard adlar da verilib:  Ωc(3000)0, Ωc(3050)0, Ωc(3066)0, Ωc(3090)0 və Ωc(3119)0. Mötərizə daxilindəki ədədlər zərrəciklərin kütlələrini meqaelektronvolt cinsindən göstəricisidir. Dərc olunan məqalədə bildirilir ki, bu zərrəciklərin kəşfi statistik əhəmiyyəti yüksəkdir, yəni adi fon və səs-küyə görə alınmış təhriflər deyil. Aşağıdakı qrafikdən zərrəcikləri - qrafikin pik nöqtələri, görə bilərsiniz.



Şəkillər CERN saytından götürülüb.

Post a Comment

0 Comments