
Maksvell tənlikləri elektromaqnetizm hadisəsini izah edən ən gözəl klassik modeldir. Bu tənliklərə əsasən elektrik və maqnit sahələri bir-birindən asılıdır və elektromaqnetik dalğalar işıq sürəti ilə hərəkət edir (boşluqda). Lakin, Maksvellin bu modeli maqnetik təkqütblərin olmadığını qəbul edir. Yəni, elektrik sahəsi üçün Qauss tənliyinin (I) həmin tənliyin maqnit sahəsi üçün olanından (II) fərqli olmasının səbəbəi elektrik yüklərinin var olması, maqnit yüklərinin isə olmamasıdır.
Yuxarıda Maksvell tənliklərinin differensial forması verilmişdir. I və II tənliklər Qauss tənliyi, III Faradey tənliyi, IV isə Amper tənliyidir. Bu tənliklər elmi-kütləvi sferada çox məşhurdurlar. Hətta. "Tanrı (Maksvell tənlikləri) dedi və işıq yarandı" kimi bənzətmələr də mövcuddur. Təbii ki, hər modeldə olduğu kimi Maksvell tənliklərinin də izah edə bilmədiyi vəya mövcud təcrübə məlumatlarıyla üst-üstə düşmədiyi hallar var. Məsələn, elektromaqnetik dalğalarını kəsilməz qəbul etdiyi halda fotonları izah edə bilmir. Daha doğrusu fotonlara bu modeldə yer yoxdur. Bu vəya digər kvant effektlərinin də nəzərə alındığı klassik elektrodinamikanın inkişaf etmiş modeli elektrodinamikanın kvant nəzəriyyəsidir.
İlk öncə qeyd etdiyimiz kimi, Maksvel tənlikləri maqnetik təkqütblərin varlığı təkzib edir. Maqnetik təkqütb dedikdə ilk dəfə Pol Dirak tərəfindən proqnozlaşdırılan hər tərəfi eyni maqnit qütbünə malik hipotetik zərrəcik nəzərdə tutulur. Elektrik sahəsini yaradan müsbət və mənfi yüklər olduğu kimi, maqnit sahəsinin də onu yaradan özünəxas şimal və cənub qütbləri var. Məişətdə də tez-tez tapılan maqnit çubuqlarının yarısı şimal, digər yarısı isə cənub qütblü olur. Bu çubuğu ikiyə böldükdə şimal və ya cənub təkqütb əvəzinə yenə ikiqütblü oxşar çubuq əldə edərsiniz. Lakin, alimlər nəzəri olaraq maqnetik təkqütblərin varlığını iddia edirlər.
MoEDAL təcrübəsi belə təkqütblərin varlığını aşkar etmək üçün CERN-də LHCb-nin yanında yer alır. Maqnetik təkqütblər yüksək ionlaşdırıcı olduqları üçün keçəcəyi plastik detektorlarda mütləq iz buraxacaq. Təkqütblər eyni zamanda tez enerji itirdikləri üçün yavaşıyan hərəkətlə növbəti quraşdırılmış 0.8 kq-lıq aluminum tələdə ilişib qalacaqlar. Bu kütlənin maqnetik dəyərlərinə daim nəzarət edən maqnetometr ən kiçik dəyişiklikdə bazaya siqnal göndərəcək.
MoEDAL birliyi LHC-in ilk yürüşündə yığılmış verilər üzrə analizi barədə məqalə dərc edib. Bu sınaq yürüşündə tələ detektorları prototip mərhələsindədir. Ilk mərhələdə heç bir maqnetik təkqütb siqnalı qeydə alınmayıb. Lakin, bu nəticə MoEDAL birliyinə yeni axtarış sərhədlərini müəyyən etməyə imkan verib. Bundan əlavə, bütün gücü ilə MoEDAL əməkdaşları plastik detektordakı məlumatı analiz etməklə məşğuldur. Əgər bu zərrəciklərin müşahidəsi gerçəkləşərsə Maksvell tənlikləri başda olmaqla bir çox fizika düsturları yenidən yazılacaq.
Əlavə məlumat üçün: G. Aad et al. Search for magnetic monopoles and stable particles with high electric charges in 8 TeVcollisions with the ATLAS detector, Physical Review D (2016). DOI: 10.1103/PhysRevD.93.052009
0 Comments